Neft Fondunun İcraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında iştirak etmişdir

2017-ci ilin 8-9 mart tarixlərində Kolumbiyanın paytaxtı Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclas zamanı bir sıra məsələlər müzakirə olunmuş, o cümlədən 4 ölkənin – Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bəyanatla çıxış etmişdir.

ARDNF-də MHŞT üzrə QHT Koalisiyasının üzvlərinin iştirakı ilə görüş keçirilib

 

07 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının sədri Şahmar Mövsümovun və MHŞT üzrə QHT Koalisiyasının üzvlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilmişdir. Görüşdə 50-dən çox QHT nümayəndəsi iştirak etmişdir. 

Görüşün keçirilməsində əsas məqsəd müxtəlif maraq qruplarını təmsil edən Koalisiya üzvlərini bir masa arxasında toplayaraq onların açıq dialoq aparmasına şərait yaratmaq, Çoxtərəfli Qrupda (ÇQ) təmsilçilik və ümumi idarəetmə ilə bağlı yaranmış fikir ayrılıqlarının sərbəst müzakirəsi üçün platformanı təşkil etmək, eləcə də MHŞT tərəflərinin səmərəli, sağlam əməkdaşlığının davam etdirilməsinə dəstək verməkdən ibarət olmuşdur.

Dövlət Neft Fondunda “MHŞT-nin uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib

2017-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib.
MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberg, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Naveed Hasan Naqvi, ÇQ üzvləri, MSŞA üzrə QHT Koalisiyasının üzvləri, MHŞT üzrə Hökumət Komissiyasının üzvləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Təbii Resursların İdarə olunması İnstitutu və ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin nümayəndələri “dəyirmi masa”da iştirak ediblər.
“Dəyirmi masa” da “MHŞT-nin uzlaşdırılması” (EITI Mainstreaming) konsepsiyasının ictimaiyyətə çatdırılması, ölkədə Təşəbbüsün tətbiqində bütün maraqlı tərəflərin bir yerə toplanması və bu konsepsiyanın tətbiqinin ölkəyə gətirəcəyi faydalar barədə müxtəlif müzakirələr aparılıb.

 

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az