Çap

MHŞT nədir

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır.

Neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunur. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur. MHŞT məhz bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.

MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Dövlət büdcəsində şəffaflığın təmin edilməsi sahəsində digər cəhdlərlə yanaşı MHŞT, həmçinin vətəndaşların öz hökumətlərindən büdcə gəlirlərinin istifadə edilməsinə dair açıqlama verməsinə nail olduğu bir prosesdir. MHŞT təbii ehtiyatlarla zəngin ölkələrdə neft, qaz və mədən sənayesi şirkətlərinin hökumətə edilən ödənişləri və hökumətin əldə etdiyi gəlirlərinin ictimaiyyətə tam açıqlanması və yoxlanılması yolu ilə təkmilləşdirilmiş idarəetməni dəstəkləyir.

Neft, qaz və mədən sənayesində əldə edilən gəlirlərdən asılı olan ölkələrdə şəffaflığın və hesabatlılığın tətbiqi gəlirlərin düzgün idarə edilməməsi nəticəsində ölkəyə dəyə biləcək mümkün mənfi təsirləri azalda və bu gəlirlər davamlı inkişaf və yoxsulluğun azaldılması ilə müşayiət olunan uzunmüddətli iqtisadi artıma təkan verə bilər.

Şəffaflıq Təşəbbüsü dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində bu cəhdlərin həyata keçirilməsinin nəticəsi olaraq 2002-ci ilin sentyabrında keçirilən dünya sammitində irəli sürülmüşdür. Gəlirlərin idarə edilməsi sahəsində geniş iş və müzakirə aparılması üçün MHŞT yaxşı başlanğıcdır. MHŞT beynəlxalq birlik tərəfindən geniş şəkildə dəstəklənsə də, təşəbbüs əsasən milli səviyyəyə yönəlir. Dövlətlərin MHŞT-yə qoşulması və şirkətlərin bu prosesdə iştirakı ictimai həyatda, dövlət idarəçiliyində və biznes mühitində yerli və beynəlxalq səviyyədə yüksək şəffaflıq standartları və hesabatlılığa riayət olunmasını təmin edir.

graphic-1

MHŞT-nin əsası

MHŞT 2002-ci ilin sentyabrında Yohannesburqda Dayanıqlı İnkişaf üzrə Dünya Sammitində bəyan edilmişdir. 2003-cü ilin iyunun 17-də, Londonda, Lankaster Hauzda keçirilmiş MHŞT üzrə 1-сi Beynəlxalq Konfransda MHŞT prinsiplər toplusu qəbul edilmişdir. Bu 12 prinsip iki əsas şərt üzərində müəyyənləşdirilmişdir:

  • Hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər üçün - “Ödədiyini dərc etdir
  • Hasilat sənayesi ilə məşğul olan ölkələrin hökumətləri üçün - “Aldığını dərc etdir

Bu prinsiplər göstərir ki, ölkənin təbii sərvətlərindən onun bütün vətəndaşları faydalanmalıdır.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az