Çap

Əsas faktlar

2013-cü il
Azərbaycan növbəti iki il üçün Beynəlxalq İdarə Heyətinə yenidən üzv seçildi

2013-cü il 23-24 mayda Sidneydə keçirilən MHŞT üzrə Beynəlxalq Konfransda Azərbaycan İdarə Heyətinə yenidən üzv seçildi.

2012-ci il
MHŞT-nin Azərbaycanda tətbiqi üzrə ilk hesabat dərc edildi

2012-ci il iyunun 29-da MHŞT-nin Azərbaycanda tətbiqi üzrə 2011-ci ili əhatə edən ilk hesabat dərc olunmuşdur. Hesabat MHŞT üzrə 2011-ci ildə Parisdə keçirilmiş 5-ci Beynəlxalq Konfransda qəbul edilmiş MHŞT üzrə qaydalara əsasən dərc edilmişdir.

2011-ci il
Azərbaycan növbəti iki il üçün Beynəlxalq İdarə Heyətinə yenidən üzv seçildi

2011-ci ildə Parisdə keçirilən MHŞT üzrə Beynəlxalq Konfransda Azərbaycan İdarə Heyətinə yenidən üzv seçildi.

2009-cu il
Azərbaycanda Çoxtərəfli qrupun təşkili və fəaliyyəti haqqında Razılaşma imzalanmışdır

Azərbaycanda MHŞT prosesini daha da təkmilləşdirmək, prosesin inkişafı üzərində daha güclü və səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək niyyəti ilə MHŞT-nin Azərbaycanda tətbiqinə dair ÇQ-nin təşkili və fəaliyyəti haqqında Razılaşma imzalanmış və QAM tərəflərinin hər birindən (MHŞT üzrə Komissiya, xarici və yerli şirkətlər, QHT Koalisiyası) eyni hüquqa malik olan 3 əsas və bir əvəzedici üzvdən ibarət olan ÇQ yaradılmışdır.

2009-cu il
Azərbaycanda MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 10-cu iclası keçirilmişdir

2009-cu il oktyabrın 14-15-də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti iclası Bakıda keçirilmişdir.

2009-cu il
Azərbaycan Qiymətləndirmədən keçərək ilk “Tamhüquqlu üzv” oldu

2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə 4-cü beynəlxalq konfransda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-nin “Tamhüquqlu üzvü” statusunu təsdiq etdi. Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edildi. Ölkəmiz həm də növbəti iki il üçün Beynəlxalq İdarə Heyətinə yenidən üzv seçildi.

2008-ci il
Azərbaycan tərəfindən irəli sürülmüş və təqdim edilmiş MHŞT-ni dəstəkləyən qətnamə BMT-nin Baş Assambleyasında yekdilliklə qəbul edildi

Azərbaycanın şəffaflığın davamlı inkişafda əhəmiyyətli rol oynamasına böyük inamı və MHŞT bəyan edildikdən bəri ölkənin həmin Təşəbbüsdə fəal iştirakı BMT-nin BA-da şəffaflığı dəstəkləyən Qətnamənin irəli sürülməsinə əsas səbəb olmuşdur.

2007-ci il
Azərbaycana MHŞT üzrə Namizəd statusu verildi

MHŞT üzrə ilkin tələblərə cavab verdiyinə görə 2007-ci ilin sentyabrında Osloda keçirilmiş Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında Azərbaycan MHŞT üzrə “Namizəd” statusunu almışdır.

2007-ci il
Dövlət Neft Fondu 2007-ci il BMT-nin Dövlət Qulluğu Mükafatının qalibi oldu

Dövlət Neft Fondu MHŞT-nin tətbiqinə görə “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə Birləşmiş Millətlər Təşkilatının “Dövlət Qulluğu Mükafatı” ilə təltif edildi.

2006-cı il
Azərbaycan Beynəlxaq İdarə Heyətinin üzvü seçildi

2006-cı ilin oktyabrında Osloda keçirilmiş MHŞT üzrə 3-cü Beynəlxalq Konfransda MHŞT-nin beynəlxalq səviyyədə idarə etmək və MHŞT prinsip və meyarlarının gələcəkdə tətbiqinə nəzarət etmək məqsədi ilə MHŞT üzrə Beynəlxalq İdarə Heyəti yaradılmışdır. Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində nümayiş etdirdiyi liderliyi nəzərə alınaraq konfransda Azərbaycan yekdilliklə İdarə Heyətinə üzv seçilmiş və bu günədək Heyətdə təmsil olunur.

2006-cı il
Azərbaycanda MHŞT üzrə beynəlxalq konfrans keçirilmişdir

2006-cı il aprelin 6-da isə “MHŞT: pilot ölkələrin təcrübəsi” mövzusunda konfrans keçirilmişdir.

2006-cı il
Azərbaycanda MHŞT üzrə BMQ-nin toplantısı keçirilmişdir

2006-cı il aprelin 5-də Bakıda MHŞT üzrə BMQ-nin toplantısı keçirilmişdir.

2005-ci il
Azərbaycan Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) üzvü seçildi

2005-ci ilin martında Londonda keçirilmiş MHŞT üzrə 2-ci Beynəlxalq Konfransda MHŞT üzrə BMQ yaradılmışdır. Bu sahədə ilk olması və MHŞT-nin tətbiqində mühüm təcrübə qazanması nəzərə alınaraq, Azərbaycanın təmsil edilməsi məqsədilə ARDNF-nin İcraçı direktoru, Azərbaycan MHŞT üzrə Komissiyanın sədri BMQ-nin üzvü seçilmişdir.

2005-ci il
Azərbaycan dünyada MHŞT üzrə ilk hesabatı açıqladı

2005-ci il martın 15-də MHŞT üzrə Komissiya müstəqil auditor olan ”Deloyt ənd Tuş” (Deloitte and Touche) şirkətinin yoxladığı ilk hökumət hesabatlarını açıqladı. Bu sənəd dünyada nəşr olunan bu tipli ilk hesabatdır.

2004-cü il
Azərbaycanda MHŞT üzrə Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalandı

Azərbaycan Respublikasında MHŞT-nin tətbiqi məqsədilə 2004-cü il noyabrın 24-də əhəmiyyətli addım atılmışdır. MHŞT üzrə Komissiya, yerli və xarici hasilat şirkətləri və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqi mexanizminin həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalanmışdır. Bu, dünyada ilk belə sənəddir.

2003-cü il
Azərbaycan MHŞT-yə qoşulan pioner ölkə oldu, MHŞT üzrə Hökumət Komissiyası yaradıldı

Londonda keçirilmiş MHŞT üzrə 1-ci Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan hökumətinin MHŞT-yə qoşulması bəyan edildikdən sonra prezident İlham Əliyev konfransda qəbul edilən öhdəliklərin həyata keçirilməsi üçün MHŞT üzrə idarələrarası komissiya yaradılması haqqında göstəriş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli 224 nömrəli Sərəncamı ilə MHŞT üzrə Hökumət Komissiyası yaradılmışdır.

2002-ci il
MHŞT elan edildi

MHŞT 2002-ci ilin sentyabrında Yohannesburqda Dayanıqlı İnkişaf üzrə Dünya Sammitində bəyan edilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az