Çap

Hesabatlılıq

MHŞT hesabatı

2005-ci il martın 15-də MHŞT üzrə Komissiya müstəqil auditor olan ”Deloyt ənd Tuş” (Deloitte and Touche) şirkətinin yoxladığı ilk hökumət hesabatlarını açıqladı. Bu sənəd dünyada nəşr olunan bu tipli ilk hesabatdır.

Azərbaycanda MHŞT-nin tətbiqi dayanıqlı prosesdir. Azərbaycan hökuməti tərəfindən müntəzəm olaraq şirkətlərin hökumətə ödədiyi neft, qaz və mədən hasilatı üzrə bütün ödənişlər və eləcə də, hökumətin neft, qaz və mədən hasilatı ilə məşğul olan şirkətlərdən əldə etdiyi gəlirlər geniş ictimaiyyət üçün açıq, ətraflı və aydın şəkildə dərc edilir.

Qeyd edək ki, hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlər, o cümlədən, dövlət müəssisələri MHŞT-nin tətbiqi prosesinə cəlb olunublar. Hesabatlılıq mexanizmi: MHŞT hesabatlarını tutuşduran auditor şirkətlərinin seçim prosesi Çoxtərəfli qrup (ÇQ) tərəfindən aparılır. İlkin mərhələdə, müsabiqə haqqında bildiriş açıqlanır və ölkədə fəaliyyət göstərən beynəlxalq səviyyədə tanınmış və nüfuzlu auditor şirkətləri bu müsabiqəyə dəvət olunur.

Audit şirkətləri ilk öncə yalnız texniki göstəricilər üzrə məlumatları ÇQ iclasından 1 həftə əvvəl tanış olmaq üçün ÇQ-yə göndərir. Bundan sonra ÇQ iclasında üzvlərin iştirakı ilə maliyyə təklifləri daxil olan paketlər açıldıqdan sonra hər bir təklif (texniki və maliyyə) ayrıca olaraq bir neçə meyar üzrə qiymətləndirilir. Yekun qiymətləndirmə əsasında qalib şirkət müəyyənləşir. Həmin şirkətlə müqavilə bağlandıqdan sonra auditor şirkət ayrılmış müddət ərzində (hesabatlar mart ayının 15-dək təqdim olunmalıdır) şirkətlərdən və hökumətdən hesabatları alır. Şirkətlərdən daxil olmuş hesabatlar ümumiləşdirildikdən sonra hökumətin hesabatı ilə tutuşdurularaq müqayisə olunur.

Kənarlaşmalar qeydə alındığı halda auditor şirkət onu aydınlaşdırmaq məqsədilə tərəflərə müraciət edir və onların verdikləri izahat əsasında kənarlaşmaların şərhini hazırlayır. Yekunda Müstəqil Mühasiblər adından auditor şirkətinin rəyi (MMR) açıqlanır. Auditor şirkəti adından hazırlanan MMR ÇQ-nin İş planında nəzərdə tutulduğu dövrdə onun iclaslarında təqdim olunur. Rəy açıqlandıqdan sonra tərəflər bununla əlaqədar olaraq birgə press-reliz hazırlayaraq yayır. Hökumətin hesabatı və MMR Dövlət Neft Fondunun və MHŞT-nin internet səhifələrində yerləşdirilir.

Bundan sonra MSŞA Koalisiyasında formalaşmış Analitik Qrup tərəfindən Hökumətin hesabatı və MMR təhlil olunaraq 1 ay ərzində Koalisiyanın Alternativ Rəyi hazırlanır. Rəy ilk növbədə MSŞA Koalisiyasının Şura iclasında müzakirə edilib qəbul olunduqdan sonra ÇQ-nin iclasında MSŞA Koalisiyası adından təqdim olunur. Bu təqdimatda əsas diqqət MSŞA Koalisiyasının rəyində əksini tapmış tövsiyələrə yetirilir və hər bir tövsiyə üzrə MHŞT üzrə Komissiya üzvlərinin və Şirkətlər Qrupunun təmsilçilərinin mövqeyi səsləndirilir. Rəydəki irad və təkliflərə tərəflər münasibət bildirdikdən sonra onun əsasında növbəti hesabat dövrü üçün müəyyən təkliflər hazırlanır və yaxud da həmin təkliflərin hazırlanması və müzakirəsi üçün tərəflərin təmsilçilərinin iştirakı ilə İşçi qrup formalaşdırılır.

2012-ci ildən etibarən ayrı - ayrılıqda açıqlanan Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat, Müstəqil Mühasiblərin Rəyi və İctimai Birliklərin MSŞA Koalisiyasının Rəyini özündə cəmləşdirən vahid sənəd - MHŞT hesabatı dərc olunur. Hesabatda, həmçinin, ölkənin makroiqtisadi təhlili də öz əksini tapır.

MHŞT-nin Azərbaycanda tətbiqi üzrə hesabat
2012-ci ildən başlayaraq MHŞT-nin Azərbaycanda tətbiqi üzrə hesabatlar dərc olunur. Bu hesabatlar MHŞT üzrə 2011-ci ildə Parisdə keçirilmiş V Qlobal Konfransda qəbul edilmiş MHŞT üzrə Qaydalara əsasən dərc edilir.

MHŞT-nin Azərbaycanda tətbiqi üzrə dərc olunmuş ilk hesabat 2011-ci ili əhatə etmişdir. Hesabat Azərbaycanda ilk dəfə tərtib edildiyindən, 2011-ci ildə görülmüş işlərlə yanaşı sənəddə MHŞT-nin fəlsəfəsi, Azərbaycanda tətbiqi tarixi, ÇQ-nin fəaliyyəti, o tarixədək açıqlanmış 15 MHŞT hesabatının təhlili və əldə edilmiş nailiyyətlər barədə məlumatlar əks olunmuşdur. Hesabatda ÇQ üzvlərinin (MHŞT üzrə Komissiya, MSŞA Koalisiyası və Şirkətlər Qrupunun nümayəndələri) rəyləri də verilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az