Çap

MHŞT-yə qoşulma

qoshulma

2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə 1-ci Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürmüşdür. Konfransda MHŞT-yə qoşulan ölkələr, şirkətlər, qeyri-hökumət təşkilatları tərəfindən MHŞT prinsiplərinə dair Bəyanat qəbul edilmişdir.


Konfransda aşağıdakı 3 hesabat forması qəbul edilmişdir:

  • Hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərdən hökumətin əldə etdiyi ödənişlərlə bağlı hesabat;
  • Hasilat sənayesi ilə məşğul olan xarici şirkətlərin fəaliyyət göstərdiyi ölkədə hökumətə ödənişləri ilə bağlı hesabat;
  • Hasilat sənayesi ilə məşğul olan yerli şirkətlərin öz ölkəsinin hökumətinə ödənişləri ilə bağlı hesabat.

MHŞT üzrə Lankaster Hauz Konfransında Azərbaycan hökumətinin MHŞT-yə qoşulması bəyan edildikdən sonra prezident İlham Əliyev konfransda qəbul edilən öhdəliklərin həyata keçirilməsi üçün MHŞT üzrə idarələrarası komissiya yaradılması haqqında göstəriş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli 224 nömrəli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır. Komissiyaya dövlət orqanlarının, dövlət şirkətlərinin və dövlət mülkiyyətində olan digər qurumların əldə etdikləri gəlirlər (xarici və yerli şirkətlərin ödənişləri hesabına əldə olunan gəlirlər) barədə məlumatların toplanması və hökumət hesabatının tərtib edilməsi həvalə olunub. Komissiyaya Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru sədrlik edir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2004-cü il iyunun 1-4-də Bakıda keçirilən "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004" XI beynəlxalq sərgi və konfransında etdiyi açılış nitqində Azərbaycanın MHŞT-yə qoşulmasının uğurlarından danışarkən bildirib: "Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaqdır. Bilirsiniz ki, Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur. Artıq bir ildən çoxdur ki, bu məsələ ilə ciddi məşğuluq və Böyük Britaniya Baş nazirinin təşəbbüsünü dəstəkləyirik. Deyə bilərəm ki, bölgədə Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, bu təşəbbüsdə çox fəal iştirak edir. Bu, bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər səmərəli idarə olunsun və hər bir Azərbaycan vətəndaşı bunu öz gündəlik həyatında hiss etsin."

Komissiya MHŞT-ni Azərbaycanda həyata keçirmək məqsədilə ölkənin mədən sənayesində fəaliyyət göstərən xarici və milli şirkətlərlə, habelə bu istiqamətdə fəallıq göstərən qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurub və yaxından əməkdaşlıq edir. Azərbaycan Respublikasında MHŞT-nin tətbiqi məqsədi ilə 2004-cü il noyabrın 24-də əhəmiyyətli addım atılmışdır. MHŞT üzrə Komissiya, yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqi mexanizminin həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalamışdır. Bununla da dünyada ilk dəfə Təşəbbüs həyata keçirilməyə başladı.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az