Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2016-cı il iyun ayının 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

İclas zamanı iştirakçılar Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi və 2015-ci il üzrə MHŞT Proqres Hesabatını müzakirə etmişlər.
İclas iştirakçıları həmçinin Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 20, 21, 22-ci hesabatı (2015, 2016, 2017-ci illər üzrə) tutuşduraraq təhlil edəcək müstəqil administrator (auditor) şirkətinin seçilməsi məqsədilə keçirilən təkliflər sorğusunun nəticələrini müzakirə etmişlər. Çoxtərəfli Qrup növbəti üç il üçün yerli və xarici hasilat şirkətlərindən əldə edilmiş məlumatların toplanması və tutuşdurulmasının Mur Stivens şirkəti tərəfindən keçirilməsinə qərar vermişdir.
ÇQ-nin iclasında mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlanması məqsədilə hüquq, məsləhət xidmətlərinin göstərilməsi üçün Beyker ənd MakKenzi şirkəti seçilmişdir.

 

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az